Birlik bu ilin may ayında Quba rayonunda başlatdığı ”Kitabxanasız məktəb qalmasın!” adlı kampaniyasını bu dəfə cənub bölgəsinin Lerik və Astara rayonlarında davam etdirib.

Kampaniyanın əsas məqsədi ölkənin müxtəlif regionlarında, xüsusilə də infrastrukturu zəif olan ucqar dağ kəndlərdəki ümumtəhsil məktəblərində təhsil alan şagirdləri sevindirməkdir. Bu məqsədlə Lerikin Vistən, Astaranın Maşxan və Lovayın kənd tam orta məktəblərində həyata keçirilən kampaniya üzrə hər 3 məktəbin kitabxana şkafları “Nəfəs” İctimai Birliyi tərəfindən yenilənib, sinif otaqlarının divarlarında müxtəlif təsvirlərlə bəzədilmiş oxu guşələri yaradılıb. Bununla yanaşı məktəblilərin dünyagörüşünü, xəyal dünyasını zənginləşdirmək üçün dərsliklərdən əlavə oxu materiallarının azlığını da nəzərə alaraq, şagirdlərin yaş aralığına uyğun ümumilikdə 200-dək müxtəlif məzmunlu elmi və bədii kitablar məktəbə hədiyyə olunub.

Qeyd edək ki, birliyin başlatdığı bu kampaniya il ərzində digər regionların ucqar kənd məktəblərində davam etdiriləcək.

https://baku.ws/pr/163217

Bir ildən çoxdur aktiv şəkildə fəaliyyət göstərən “Nəfəs” İctimai Birliyi bu dəfə təhsil sahəsində uğurlu layihəyə imza atıb.

Birliyin ötən ilin sentyabr ayında başlatdığı “Gələcəyə nəfəs olaq!” layihəsi üzrə ”Kitabxanasız məktəb qalmasın!” adlı daha bir kampaniyasının ilkin mərhələsi yekunlaşıb.

Kampaniyanın əsas məqsədi ölkənin müxtəlif regionlarında, xüsusilə də infrastrukturu zəif olan ucqar dağ kəndlərdə yerləşən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə təmənnasız olaraq dəstək olmaqdır.

İlkin olaraq Quba rayonunun Tülər kənd ümumi orta və Kunxırt kənd ibtidai məktəbində həyata keçirilən kampaniya üzrə hər iki məktəbin kitabxana şkafları “Nəfəs” İctimai Birliyi tərəfindən yenilənib, məktəblərin sinif otaqlarının divarlarında müxtəlif təsvirlərlə bəzədilmiş oxu guşələri yaradılıb.

Bununla yanaşı məktəblilərin dünyagörüşünü zənginləşdirən, onlara dərsliklərdən əlavə xəyal dünyasına qapı açan oxu materiallarının azlığını da nəzərə alaraq, hər iki məktəbə şagirdlərin yaş aralığına uyğun olaraq ümumilikdə 400-dək müxtəlif məzmunlu elmi və bədii kitablar hədiyyə edilib.

Qeyd edək ki, birliyin başlatdığı kampaniya il ərzində digər regionların ucqar kənd məktəblərində davam etdiriləcək.

https://baku.ws/pr/152126

Nəfəs” İctimai Birliyi “Kitabxanasız məktəb qalmasın!” şüarı ilə Quba rayonunun Tülər kənd ümumi orta məktəbində başlatdığı kampaniyanı bu dəfə Kunxırt kənd ibtidai məktəbində davam etdirdi. Rayon mərkəzindən 36 km uzaqlıqda yerləşən modul tipli bu məktəbin kitabxana üçün nəzərdə tutulan otağında kitab şkafı kiçik, uşaqların dərsliklərdən əlavə oxuya biləcəyi materiallar isə az idi. Biz də buna qeydsiz qalmayaraq sözügedən otağa yeni, geniş kitab şkafı hazırladıq, içərisini isə uşaqların yaş aralığına uyğun şəkildə 150-dək müxtəlif adda bədii kitablarla zənginləşdirdik. Əlavə olaraq otaqda məktəbli balalarımızın marağını çəkəcək təsvirlərlə bəzədilmiş oxu guşəsi yaratdıq. Arzu edirik və inanırıq ki, uşaqlarımızın asudə vaxtlarında bu guşədə oxuduğu kitablar bəlkə də onların həyatlarına toxunacaq, xəyal dünyasına yeni qapılar açacaq. Biz isə başlatdığımız bu kampaniyanı il ərzində digər regionların ucqar dağ kəndlərində həyata keçirərək daha çox məktəbə, daha çox fidana nəfəs olmağa davam edəcəyik.

Xeyirxahlıq və mərhəməti tərənnüm edən müqəddəs Qurban bayramında sevgi ilə hazırladığımız bayram sovqatı ilə insanlara nəfəs olduq. Könüllü gənclərimizlə birlikdə Bakı və Sumqayıt şəhərində yaşayan 90-dan çox aztəminatı ailəyə, şəhid və qazi ailəsinə qurban paylarımızı çatdırdıq, bayramlaşdıq. İnsanların ehtiyaclarına dəstək olmaq, qayğılarını paylaşıb üzlərində təbəssüm yarada bilmək bizim üçün ən gözəl bayram sevincidir.

Bu gün dünyanın ən qədim və ən köklü idman növlərindən biri hesab edilən Beynəlxalq Şahmat Günüdür. İntellektual inkişafımızda əvəzsiz rol oynayan şahmat beynimizin hər iki yarımkürəsini eyni zamanda işlədən yeganə idman növüdür. Son zamanlar ölkəmizdə bu idmana olan marağın sürətlə artması isə çox sevindiricidir. “Nəfəs” İctimai Birliyi olaraq bu marağın daha da güclənməsinə dəstək olmaq məqsədilə 20 İyul Beynəlxalq Şahmat Gününə həsr olunmuş “Qızlar və qadınlar arasında şahmat turniri”nin həyata keçirilməsinə sponsor olduq. Qax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə Oğuz, Qax, Şəki, Zaqatala və Balakən rayonlarından yarışmaya qatılan 170 qızımız mübarizə apardı və qaliblər müəyyənləşdi. Qaliblərə birliyimiz adından peşəkar şahmat dəsti və müxtəlif hədiyyələr təqdim edildi. Yarışmadan sonra isə beynəlxalq dərəcəli qrossmeysterlər Aynur Sofiyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarovanın iştirakı ilə Qax rayon Heydər Əliyev Mərkəzində şahmatçılar üçün ustad dərsləri təşkil olunub. Müəllimlər və gənc şahmatçılar bəzi məşhur oyunları analiz edib və müzakirələr aparıblar. Gənclərimiz, xüsusilə də qızlarımız üçün olduca faydalı və məhsuldar keçən belə yarışmaların sıxlıqla təkrarlanması, ölkəmizdə şahmata olan marağın güclənməsi üçün dəstək olmağa hər zaman hazırıq. Bütün şahmatçılarımızı Beynəlxalq Şahmat Günü münasibətilə ürəkdən təbrik edir, onlara karyera yolunda müvəffəqiyyət arzulayırıq. Qələbəniz bol olsun!

Yazı naviqasiyası