Nəfəs” İctimai Birliyi “Kitabxanasız məktəb qalmasın!” şüarı ilə Quba rayonunun Tülər kənd ümumi orta məktəbində başlatdığı kampaniyanı bu dəfə Kunxırt kənd ibtidai məktəbində davam etdirdi. Rayon mərkəzindən 36 km uzaqlıqda yerləşən modul tipli bu məktəbin kitabxana üçün nəzərdə tutulan otağında kitab şkafı kiçik, uşaqların dərsliklərdən əlavə oxuya biləcəyi materiallar isə az idi. Biz də buna qeydsiz qalmayaraq sözügedən otağa yeni, geniş kitab şkafı hazırladıq, içərisini isə uşaqların yaş aralığına uyğun şəkildə 150-dək müxtəlif adda bədii kitablarla zənginləşdirdik. Əlavə olaraq otaqda məktəbli balalarımızın marağını çəkəcək təsvirlərlə bəzədilmiş oxu guşəsi yaratdıq. Arzu edirik və inanırıq ki, uşaqlarımızın asudə vaxtlarında bu guşədə oxuduğu kitablar bəlkə də onların həyatlarına toxunacaq, xəyal dünyasına yeni qapılar açacaq. Biz isə başlatdığımız bu kampaniyanı il ərzində digər regionların ucqar dağ kəndlərində həyata keçirərək daha çox məktəbə, daha çox fidana nəfəs olmağa davam edəcəyik.