“Nəfəs” İctimai Birliyinin və “Məmmədyarovlar Şahmat Məktəbi”nin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə həyata keçirilən beynəlxalq şahmat turniri başa çatıb.
Turnirdə müxtəlif dərəcələr üzrə qaliblər müəyyənləşib və mükafatlandırılıb. “Nəfəs” İctimai Birliyinin baş sponsorluğu ilə baş tutan turnirin ümumi mükafat fondu 20 000 AZN təşkil edib.
Qeyd edək ki, 1 həftədir davam edən turnir Milli Məclisin Mədəniyyət Komitəsinin sədri mərhum Millət vəkili Qənirə xanım Paşayevanın xatirəsini əbədiləşdirmək məqsədilə həyata keçirilib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olmuş mərhum Millət vəkili Qənirə xanım Paşayevanın xatirəsinə həsr edilmiş şahmat turnirinin açılış mərasimi keçirilib.
Turnir “Nəfəs” İctimai Birliyinin və “Məmmədyarovlar Şahmat Məktəbi”nin birgə təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə “Ramada by Wyndham Baku”da keçirilir.
Tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı öncə iştirakçıları şəhidlərimizin və Qənirə Paşayevanın ruhuna sayğı duruşuna, ardından Dövlət Himnini oxumağa dəvət edib. Sonra mərhum Komitə sədrinin xatirəsinə hazırlanmış video-çarx nümayişi olunub.
Açılış törənində qadınlar arasında beynəlxalq qrosmeyster, “Məmmədyarovlar Şahmat Məktəbi”nin rəhbəri Zeynəb Məmmədyarova, Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Millət vəkili Arzu Nağıyev, Paralimpiya çempionu, “Şöhrət” ordenli Əməkdar idman ustası, qazi İlham Zəkiyev, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva və Qənirə Paşayevanın qardaşı Aslan Paşayev çıxış edib.
Çıxışlarda Qənirə xanımın həyat və fəaliyyətindən söz açılıb, özünün şahmat həvəskarı olması, yeniyetmə və gənclərin şahmata marağının artması yönündə çağırışları minnətdarlıqla vurğulanıb.
Tədbirdə tanınmış şahmatçılar, təşkilatçı qurumların fəalları, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvləri və digərləri iştirak edib.
Açılış törəninin ardınca rəsmi qonaqlar lider masalara yaxınlaşıb, “ilk gediş” ediblər və sonra turnir start götürüb.
Qeyd edək ki, turnir dekabrın 21-dək davam edəcək. Turnirin baş hakimi beynəlxalq dərəcəli hakim Elşad Abdullayev, onun köməkçisi milli hakim Fidan Talıbovadır.
Turnirin sonunda qaliblərə diplom, pul mükafatı və qiymətli hədiyyələr, bütün iştirakçılara müvafiq sertifikat və xatirə hədiyyəsi təqdim olunacaq. Gələcəkdə turnirin türk ölkə və topluluqlarının, ümumən müxtəlif ölkələrin nüfuzlu şahmatçılarının iştirakı ilə davamlı olaraq keçirilməsi nəzərdə tutulub.
Sayca 7-ci məktəbdə həyata keçirilən kampaniyanın əsas məqsədi infrastrukturu zəif olan ucqar dağ kəndlərindəki ümumtəhsil məktəblərində təhsil alan şagirdləri sevindirməkdir. Bunun üçün Tovuz rayonunun Bayramlı və Yuxarı Öysüzlü kənd tam orta məktəblərinin kitabxana otağında abadlıq işləri aparılıb, şkaflar yenilənib, sinif otaqlarının divarlarında rəngarəng oxu guşələri yaradılıb. Bununla yanaşı məktəblilərin dünyagörüşünü zənginləşdirmək üçün 200-dək müxtəlif məzmunlu elmi və bədii kitablar kitabxanaya hədiyyə olunub.
Qeyd edək ki, Quba, Lerik, Astara və Tovuz rayonlarında həyata keçirilən kampaniya il ərzində digər regionların ucqar kənd məktəblərində davam etdiriləcək.
Ötən il başlatdığımız “Kitabxanasız məktəb qalmasın” adlı kampaniyamızın növbəti – 7-ci ünvanı Tovuz rayonu oldu.Kampaniya çərçivəsində rayonun Bayramlı və Yuxarı Öysüzlü kənd tam orta məktəblərinin kitabxana otaqlarında abadlıq işləri apardıq, şkafları yenilədik, sinif otaqlarının divarlarında rəngarəng oxu guşələri yaratdıq. Bununla yanaşı məktəblilərin dünyagörüşünü zənginləşdirmək üçün kitabxanalara 200-dək müxtəlif məzmunlu elmi və bədii kitablar hədiyyə etdik.
Qeyd edək ki, kampaniyamızı il ərzində digər regionlarımızın ucqar bölgələrində davam etdirərək daha çox məktəbə nəfəs olmaq üçün çalışacağıq!
“Şəhidlər unudulduğu zaman ölər” deyirlər. Onlar əziz xatirələri yaşadıqca daim yaşayacaqlar. “Nəfəs” İctimai Birliyi bu xatirəni əbədiləşdirmək üçün şəhid İbadov Rauf Məhərrəm oğlunun bizə yadigar qalan rəsm əsərlərindən ibarət sərgi təşkil edib.
“Nəfəs” İctimai Birliyinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev mərkəzində baş tutan sərgidə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid anaları, o cümlədən Sumqayıt şəhər İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri, şəhidin təhsil aldığı Azərbaycan Memarlıq İnşaat Universitetinin İnşaat texnologiyaları fakültəsinin dekanı Nailə Haqverdiyeva, şair Əşrəf Veysəlli, rəssam Tofiq Əhmədov və digər ictimai-siyasi xadimlər iştirak ediblər. Tədbirdə şəhidin əziz xatirəsi yad olunub, onu tanıyanlar və doğmaları öz duyğularını bölüşüblər.
Sərgidə iştirak edən tanınmış rəssam Tofiq Əhmədov kətan üzərində yağlı boya ilə yaratdığı şəhidin portretini onun valideynlərinə təqdim edib.
Daha sonra qonaqlar şəhidin sərgidə nümayiş olunan 44 rəsm əsəri ilə tanış olublar.
Vətən torpaqlarının müstəqilliyi uğrunda şəhid olanlar tarixin qızıl səhifələrində və xalqımızın yaddaşında əbədi olaraq yaşayacaqlar. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. BAKU.WS https://baku.ws/page/2/