Yay tətili boyunca məktəblilərin asudə vaxtlarını səmərəli dəyərləndirməsi üçün Bonus Gənclər Birliyi ilə birgə bəzi ortaq layihələr həyata keçirdik. Yeniyetmələrdə oxu vərdişləri yaratmaq, onların dünyagörüşlərini inkişaf etdirmək, ədəbiyyata və xarici dil öyrənməyə olan maraqlarını daha da artırmaq üçün “Mütaliə” və “Danışıq” klublarını təşkil etdik.

Kitabsevər dostlarımız bu aylar ərzində Xalid Hüseyninin “Çərpələng uçuran”, Çingiz Abdullayevin “Vyana gecəsinin sirri”, Paulo Coelhonun “Kimyagər” və digər bu kimi əsərləri oxudular, müzakirə etdilər.

🗣 Xarici dil bilgilərini artırmaq üçün isə hər həftə bir araya gələrək müxtəlif mövzular ətrafında diskussiya apardılar.

Unutmayaq ki, gənclərimiz üçün faydalı olmaq öz əlimizdədir və bütün bu müddət ərzində buna nail ola bildiyimiz üçün sevincliyik.

“Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva Milli Məclisin üzvü Qənirə Paşayeva və Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova ilə birlikdə Tovuz rayonunda şəhid ailələri ilə görüşüblər. 44 günlük Vətən müharibəsində əziz canlarından keçən fədakar Vətən oğullarının –
Vətən Müharibəsi Qəhrəmanı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Orxan Rövşən oğlu Cabbarov (16.10.1995, Tovuz – 09.11.2020, Şuşa),
“Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Ceyhun İqbal oğlu İsmayılov (25.09.1996, Tovuz – 2020, Füzuli),
“Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Elmar Cəbrayıl oğlu Şirinov (09.03.2002, Xatınlı, Tovuz – 08.11.2020, Şuşa),
“Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Amil Bədrəddin oğlu Rüstəmov (10.12.1995, Bayramlı, Tovuz – 08.11.2020, Şuşa),
“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elcan Famil oğlu Cəlilov (26.02.1996, Tovuz –07.11.2020, Xocavənd),
“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Rəcəb Nazim oğlu Hüseynov (03.01.1994, Aşağı Quşçu, Tovuz – 09.11.2020, Şuşa),
“Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Cavid Natiq oğlu Hüseynov (03.06.2001, Tovuz – 31.10.2020, Xocavənd)
Elvin Mehman oğlu Qurbanlı (19.12.1999, Aşağı Quşçu, Tovuz – 01.10.2020, Kəlbəcər),
Həsrət Vahid oğlu Ələsgərov (08.02.2001, Aşağı Quşçu, Tovuz – 08.10.2020, Tərtər),
Elburus İlyas oğlu Verdiyevin (01.05.1993, Aşağı Quşçu, Tovuz – 26.10.2020, Füzuli) həyat hekayəsi və döyüş yolu haqqında onların ailə üzvləri ilə danışılıb, qayğıları ilə yaxından maraqlanılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Mədəniyyət komitəsi adından, Firəngiz Balakişiyeva isə “Nəfəs” İctimai Birliyi adından şəhid ailələrinə yazılmış təşəkkür məktublarını və xatirə hədiyyələrini təqdim ediblər.
Vətənimizin bütövlüyü, torpaqlarımızın müstəqilliyi uğrunda canları bahasına bizə zəfər bəxş edən qəhrəman şəhidlərimizi daim yad etmək, onların bizə əmanəti olan dəyərli ailələrinə öz minnətdarlığımızı bildirmək bizim üçün şərəfdir.

“Nəfəs” İctimai Birliyi olaraq Sumqayıt dənizkənarı bulvarında 07.05.2021 tarixində “Sən də fidanınla yaşat şəhid adını” devizi altında növbəti ağacəkmə aksiyasını həyata keçirdik. “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə birgə baş tutan aksiyada şəhid ailələri, qazilər, həmçinin könüllülər iştirak etdi. Öz canları bahasına bizə zəfər bəxş etmiş qəhrəmanlarımızın əziz və əbədi xatirəsini yad etdik, onların adlarını daşıyaraq ruhlarına nəfəs verəcək 200 zeytun fidanını torpağa qovuşdurduq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ramazan paylaşmaqdır, verən əl ilə alan əli birləşdirən, birlik və bərabərlik ayıdır. Biz də “Nəfəs” komandası olaraq 64 ailəyə əlimizdən və könlümüzdən gələrək hazırladığımız bayram sovqatını çatdırdıq. Sabunçu qəsəbəsində yaşayan, sosial durumu çətin olan aztəminatlı ailələri ziyarət etdik və onlara sevgi ilə topladığımız ərzaq məhsullarından ibarət yardım qutularını təqdim etdik. 🙏🏼 İnsanların simalarında yaranan təbəssüm, ehtiyaclarına verilən kiçik bir nəfəs bizim üçün ən böyük bayram sevincinə bərabərdir.

“Nəfəs” İctimai Birliyi olaraq aprelin 30-da Huner Group-la birgə “Bir ağac bir nəfəs” devizi altında geniş miqyaslı ağacəkmə aksiyası həyata keçirdik. Huner Group əməkdaşlarının, həmçinin təbiət dostu könüllülərin iştirakı ilə Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin inzibati ərazsində ümumilikdə 500 ədəd ağac əkdik.

Bu gün nəfəs olduğumuz bu ağacların irəliləyən zamanda bizə, insanlığa və bütün ekosistemə yeni bir nəfəs gətirəcəyini bilmək bizi davamlı olaraq təbiətimizin qayğısına qalmağa sövq edir. Unutmayaq ki, ağaclar təmiz və sağlam gələcəyimizin qoruyucusudur.

Yazı naviqasiyası