“Nəfəs” İctimai Birliyi olaraq Sumqayıt dənizkənarı bulvarında 07.05.2021 tarixində “Sən də fidanınla yaşat şəhid adını” devizi altında növbəti ağacəkmə aksiyasını həyata keçirdik. “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə birgə baş tutan aksiyada şəhid ailələri, qazilər, həmçinin könüllülər iştirak etdi. Öz canları bahasına bizə zəfər bəxş etmiş qəhrəmanlarımızın əziz və əbədi xatirəsini yad etdik, onların adlarını daşıyaraq ruhlarına nəfəs verəcək 200 zeytun fidanını torpağa qovuşdurduq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ramazan paylaşmaqdır, verən əl ilə alan əli birləşdirən, birlik və bərabərlik ayıdır. Biz də “Nəfəs” komandası olaraq 64 ailəyə əlimizdən və könlümüzdən gələrək hazırladığımız bayram sovqatını çatdırdıq. Sabunçu qəsəbəsində yaşayan, sosial durumu çətin olan aztəminatlı ailələri ziyarət etdik və onlara sevgi ilə topladığımız ərzaq məhsullarından ibarət yardım qutularını təqdim etdik. 🙏🏼 İnsanların simalarında yaranan təbəssüm, ehtiyaclarına verilən kiçik bir nəfəs bizim üçün ən böyük bayram sevincinə bərabərdir.

“Nəfəs” İctimai Birliyi olaraq aprelin 30-da Huner Group-la birgə “Bir ağac bir nəfəs” devizi altında geniş miqyaslı ağacəkmə aksiyası həyata keçirdik. Huner Group əməkdaşlarının, həmçinin təbiət dostu könüllülərin iştirakı ilə Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin inzibati ərazsində ümumilikdə 500 ədəd ağac əkdik.

Bu gün nəfəs olduğumuz bu ağacların irəliləyən zamanda bizə, insanlığa və bütün ekosistemə yeni bir nəfəs gətirəcəyini bilmək bizi davamlı olaraq təbiətimizin qayğısına qalmağa sövq edir. Unutmayaq ki, ağaclar təmiz və sağlam gələcəyimizin qoruyucusudur.

Qalib xalq olaraq bu bayramı bizə zəfər bəxş edib başımızı uca tutan, xarıbülbülü azadlığa qovuşduran şəhid və qazilərimizə borcluyuq. “Nəfəs” İctimai Birliyi olaraq biz də torpaqlarımızın azadlığı uğrunda canlarını qurban edən şəhid ailələrinə baş çəkərək daim onların yanında olduğumuzu hiss etdirmək və bayramımızı bu şəkildə qeyd etmək istədik. Bunun üçün Quba rayonunda yaşayan şəhid ailələri ilə görüş təşkil etdik. Quba rayonu Şəhidlər Xiyabanı ziyarəti ilə başlayan səfərimiz rayonun müxtəlif kəndlərində yaşayan ailələrə baş çəkməklə davam etdi. Şəhidlərimizin bizə əmanəti olan ailələrinə mənəvi dəstək olduq, onlar üçün hazırladığımız məktubla birlikdə novruz sovqatını və kiçik maddi hədiyyələrimizi təqdim etdik. Bunula yanaşı, Bakı, Bərdə və Şəki şəhərində olan könüllülərimiz vasitəsilə ümumilikdə 20-dən çox şəhid ailəsini ziyarət etdik, onlara bayram sovqatını çatdırdıq.

Vətənimizin bütövlüyü uğrunda əziz canlarından keçərək bizə zəfər bəxş edən şəhidlərimizin dəyərli ailələrini və qazilərimizi daim yad etmək, hər fürsətdə onlara öz minnətdarlığımızı bildirmək bizim üçün şərəfdir.

8 mart Beynəlxalq əməkçi qadınlar gününü kollektivimizlə birlikdə zəhmətkeş xanımlarımızla görüşərək keçirdik. Bayram günü olmasına baxmayaraq iş başında olan əməkçi xanımlarımızı ziyarət etdik, kişi əməkdaşlarımız tərəfindən onlar üçün yazılan təbrik mesajlı 30 ədəd kartla birlikdə kiçik maddi hədiyyələrimizi təqdim etdik.

Onların simalarında yaranan məsum təbəssüm bizi sevindirməyə kifayət etdi. Hər zaman üzünüzün gülməsi diləyi ilə

Yazı naviqasiyası