Qalib xalq olaraq bu bayramı bizə zəfər bəxş edib başımızı uca tutan, xarıbülbülü azadlığa qovuşduran şəhid və qazilərimizə borcluyuq. “Nəfəs” İctimai Birliyi olaraq biz də torpaqlarımızın azadlığı uğrunda canlarını qurban edən şəhid ailələrinə baş çəkərək daim onların yanında olduğumuzu hiss etdirmək və bayramımızı bu şəkildə qeyd etmək istədik. Bunun üçün Quba rayonunda yaşayan şəhid ailələri ilə görüş təşkil etdik. Quba rayonu Şəhidlər Xiyabanı ziyarəti ilə başlayan səfərimiz rayonun müxtəlif kəndlərində yaşayan ailələrə baş çəkməklə davam etdi. Şəhidlərimizin bizə əmanəti olan ailələrinə mənəvi dəstək olduq, onlar üçün hazırladığımız məktubla birlikdə novruz sovqatını və kiçik maddi hədiyyələrimizi təqdim etdik. Bunula yanaşı, Bakı, Bərdə və Şəki şəhərində olan könüllülərimiz vasitəsilə ümumilikdə 20-dən çox şəhid ailəsini ziyarət etdik, onlara bayram sovqatını çatdırdıq.

Vətənimizin bütövlüyü uğrunda əziz canlarından keçərək bizə zəfər bəxş edən şəhidlərimizin dəyərli ailələrini və qazilərimizi daim yad etmək, hər fürsətdə onlara öz minnətdarlığımızı bildirmək bizim üçün şərəfdir.