“NƏFƏS” İB-nin qərargahında keçirilən tədbirin aparıcısı – Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Zəfər Bayramı günlərində təqdimatı keçirilən “Tovuz döyüşləri” kitabının, Azərbaycan- Ermənistan dövlət sərhəddinin Tovuzdan keçən hissəsində 12-16 iyul 2020-ci ildə baş verən qanlı döyüşlərdən, orada şəhid olan qəhrəman hərbçilərimizin həyat və döyüş yolundan bəhs etdiyini bildirib.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra kitab və kitabın mövzusu üzrə çıxışlar başlayıb. Kitabın müəllifi Güləmail Murad, kitabın önsöz müəllifi – “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva nəşrin məğzi, şəhidlərimizin ömür yolu haqqında ürək sözlərini bölüşüb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Zəfər Günü ərəfəsində Mədəniyyət Komitəsinin xətti ilə keçirilən silsilə tədbirlərdən danışıb, general Polad Həşimov, polkovnik İlqar Mirzəyev və onların silahdaşlarına həsr olunmuş kitab barədə fikirlərini bölüşüb:

“Biz hamımız tarixi Zəfər Günümuzün müəlliflərinə, onların əziz ailələrinə dərin ehtiramımızı bildirir, canını Vətən uğrunda qurban vermiş qəhrəmanlarımızın ruhu qarşında dərin ehtiramla baş əyirik. Müzəffər Silahlı Qüvvələrimiz Ali Baş Komandanımızın kamil rəhbərliyi ilə tarixi ədaləti bərpa edib. Belə bir əziz bayram günü ərəfəsində şəhidlərimiz – Milli Qəhrəman İlqar Mirzəyev, “Vətənə xidmətə görə” ordenli mayorumuz Anar Novruzov kimi peşəkar hərbçilərimizin ailə üzvlərinin iştirakı ilə onların döyüş yolundan, vətəncanlılığından söz açan kitabı təqdim etmək vəfa borcumuzun bir ifadəsidir.

Burada millət vəkillərimiz, şəhid ailələri, yaralı qazilərimizlə sıx təmasda olan QHT rəhbərləri, gənclərimiz istirak edir. Pandemiya məhdudiyyətlərinə görə daha çox iştirakçı və bir ayri məkanda toplaşmasaq da, dəqiq bilirik ki, kimi bu tədbirə cağırsaq, dəvətimizi qəbul edərdi. Tovuz döyüşləri tarixi ədalətin bərpasına imkan verən 44 günlük müharibədəki qələbəmizə gedən yolun əsasyaradıcı hissəsi oldu. Necə deyərlər, 4 gündən 44 günə yol – uğurlu yol göründü. Güləmail xanım bu kitabın üzərində çox zəhmət çəkib, hər bir şəhidin evini ziyarət edib, onların şəxsi əşyaları, əlyazmaları ilə tanış olub; o, şəhid ailələrinin hiss-həyəcanına, müharibənin ağrı-acılarına yaxından bələddir və o, bu kitabı da ürəyini dinləyərək yazıb. Əlbəttə, bu gün ən böyük təsəllimiz torpaqlarımızın işğaldan azad olunması, o torpaqlarda böyük infrastruktur layihələrinin icrası, quruculuq, abadlıq işlərinin aparılmasıdır. Şuşada dalğalanan üçrəngli müqəddəs bayrağımız, 8 noyabr Zəfərimiz bugünləri görməyən oğullarımızın ruhunu şad edən böyük səbəblərdir. Mən Tovuz döyüşləri başlarkən rayona yola düşdüm, atəşkəs bərpa olununcayadək orda oldum. Mənim Polad Həşimovu da, İlqar Mirzəyevi, Anar Novruzovu da, o biri hərbçilərimizi də yaxından tanımaq fürsətim oldu. Onlar düşməni Tovuzda durdurub, düsmənə zərbə vurdu və xalqımızın möhkəm birliyinin simvoluna çevrildi. Heç zaman unutmayacağıq. Bu kitab da sevgi, sayğının ifadəsidir”.

Millət vəkilləri – akademik Nizami Cəfərov, Məşhur Məmmədov Tovuz döyüşlərindən çıxan nəticələr, təqdim olunan kitabın məziyyətləri barədə danışıblar. Millət vəkilləri Tovuz döyüşlərində şəhid olan peşəkar hərbçilərin öz talelərini şüurlu şəkildə müəyyənləşdirdiklərini vurğulayıblar: onlar öz həyatlarını şüurlu surətdə hərb sənətinə bağlamışdı; onlar və onlar kimi oğullar Vətən uğrunda, tarixi ədalətin bərpası uğrunda hər şeyi gözə almışdı və bu yolda ölüm, daha doğrusu, ölümsüzlük olduğunu bilirdi. Bu mövzuda nə qədər prinsipial olduqlarını müqəddəs şəhidlik mərtəbəsinə yüksəlməklə sübut etdilər. “Qazax xeyriyyə cəmiyyəti”nin sədri Prof.Dr. İlham Pirməmmədov, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Mübariz Hacıyev Tovuz doyüşlərində şəhid olan mərd Vətən övladlarının öz həyatları ilə bugünkü və gələcək nəsillərə örnək olduğunu bildirib, “Tovuz döyüşləri” kimi kitabların öyrədici özəlliklərini vurğulayıb. Natiqlər bu il birinci dəfə qeyd etdiyimiz 8 noyabr – Zəfər Bayramı Gününün tarixi önəmindən, bu günu bizə bəxş edən oğulların hünərindən, şəhidlər haqqında yazılan əsərlərin tərbiyəvi əhəmiyyətindən danışıblar. 

Tədbirin təşkilatçısı Nəfəs İB-nin sədri F.Balakişiyeva təqdim olunan kitabın müəllifi G.Murada və şəhid ailələrinin üzvlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. M.Quliyevsə şəhid ailələrinə, yaralı qazilərimizə davamlı dəstəyi ilə seçilən “NƏFƏS” İB sədri Firəngiz Balakişiyevaya və RHİM İB sədri A.Bağırovaya Təşəkkür plaketi təqdim edib. 

Sonda şəhid Milli Qəhrəman İlqar Mirzəyevin anasi Gülnar xanım, qardaşı Rəfael Mirzəyev, qəhrəmanın yaxin dostu – polkovnik Mürşüd Babayev, şəhid mayor Anar Novruzovun qardaşı Sucəddin Novruzov kitab və təqdimat mərasimindəki çıxışlar barədə öz ürək sözlərini bölüşüblər.

https://asiya.az/27105-tovuz-doyushleri-kitabinin-teqdimati-kechirdi-fotolar.html

blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank
blank

“Biz sizə borcluyuq” kampaniyası ümumxalq şüarına çevrilir

Kampaniyanın adındakı “Biz” sözü təkcə 10 milyonluq Azərbaycan vətəndaşını deyil, 50 milyondan artıq olan dünya azərbaycanlılarını ifadə edir
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğuMüharibə veteranlarının, qazi və şəhid ailələrinin sosial müdafiəsi, onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas tərkib hissəsi olub. Bu istiqamətdə geniş dövlət dəstəyi mexanizmləri formalaşdırılıb, xüsusi kateqoriyaya məxsus insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bununla yanaşı, şəhid ailələrinin və Vətənin müdafiəsində iştirak edən şəxslərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması, onlara qayğı və diqqət göstərilməsi daim vətəndaş cəmiyyətinin də diqqət mərkəzində olub.

 44 günlük Vətən savaşında əhəmiyyətli xidmətləri ilə Qələbəyə töhfə verən qeyri-hökumət təşkilatları xeyirxahlıq, fədakarlıq və humanizm prinsiplərini rəhbər tutaraq, müharibədən sonrakı dönəmdə də təmənnasız kömək ənənələrini davam etdiriblər. QHT-lər şəhid ailələrinin və hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə, maddi, tibbi və digər sosial xərclərinin ödənilməsinə yardım sahəsində həmrəylik nümayiş etdiriblər. Bu gün də qeyri-hökumət təşkilatları xüsusi aktivlik nümayiş etdirir, çoxsaylı təşəbbüslərlə qazilərə, müharibə əlillərinə, şəhid ailələrinə qayğı göstərirlər. 
Belə mühüm təşəbbüslərdən biri də vətəndaş cəmiyyəti nümayəndələrinin və BDU-nun SABAH tələbə qruplarından ibarət Təşəbbüs Qrupu üzvlərinin könüllü olaraq icra etdikləri “Biz sizə borcluyuq” kampaniyasıdır. Kampaniya çərçivəsində mütəmadi olaraq şəhid ailələrini, qaziləri ziyarət edən “Biz sizə borcluyuq” kampaniyasının Təşəbbüs Qrupunun üzvləri arasında QHT nümayəndələri ilə yanaşı millət vəkilləri də var. 
Gözəl kampaniya barəsində “Şərq”ə danışan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib ki, “Biz sizə borcluyuq” şüarı hər bir azərbaycanlının şəhid adı gələndə ilk keçirdiyi hisslərin sözlə ifadəsidir. QHT rəhbərinin sözlərinə görə, Qarabağ acısına son qoyan, bu torpaqların mənəvi və fiziki olaraq bizim olmasını hiss etdirən şəhidlərimiz və qazilərimizdir. Vətənin müdafiəsini özlərinə borc bilən bu insanlara və onların ailələrinə hər zaman borcluyuq:
 “Məqsədimiz şəhidlərimizi yad etmək, tanıtmaq və onların ailə üzvlərinə psixoloji dəstək göstərməkdir. Kampaniyaya çox ciddi şəkildə diqqət və maraq var. Sevindirici haldır ki, şəhid ailələrinə mənəvi dəstək xarakteri daşıyan “Biz sizə borcluyuq” kampaniyasına qoşulanların sayı gündən-günə artmaqdadır. Kampaniyaya millət vəkillərinin, yerli icra hakimiyyəti orqanlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin, tələbə-gənclərin, məktəblilərin, xaricdəki soydaşlarımızın qoşulması ilə əhatəmiz gündən-günə genişlənir. “Biz sizə borcluyuq” kampaniyası ümumxalq şüarına çevrilməkdədir.
Bu gün kampaniyadan xəbəri olan və olmayan minlələr soydaşımız sosial şəbəkə profillərində şəhidlərimizin şəkillərini paylaşır. Bununla artıq virtual ümumxalq işi həyata keçirmiş olurlar. Çünki şəhdlərimizi anmağı, yad etməyi hər kəs özünə milli borc bilir. Kampaniyanın davam etməsi, şəhidlərimizin adlarının əbədi yaşaması, anılması şəhid ailələrinin hər birinin istəyidir. Kampaniya çərçivəsində şəhid evlərini ziyarət edərkən, şəhid analarının bircə istəyi bu olur: “Şəhidlərimiz heç zaman unudulmasın!”. Bir maraqlı məqamı da qeyd edim. Şəhidlərimiz yaşından, rütbəsindən asılı olmayaraq, sanki eyni xarakterə, mənəvi keyfiyyətlərə, milli ruha, vətən sevgisinə malik olublar. Bir-birini tanımıyan şəhid anaları şəhid övladları haqqında danışanda sanki eyni adamdan bəhs edirlər. Şəhidlərimizin eyniliyini valideynləri özləri də etiraf edirlər. Müxtəlif taleli bu insanlar şəhidliyə gedən şərəfli yolda birləşiblər. Şəhid valideynlərinin, xüsusən analarının danışmağa, dərdlərini bölüşməyə ehtiyacı var. Onlar özlərinə dərd ortağı axtarırlar. Buna görə də şəhid ailələrinə davamlı olaraq psixoloji dəstəyin göstərilməsi mütləqdir”. 

F.Hüseynzadə qeyd edib ki, kampaniya öncədən nəzərdə tutulan müddətdən sonra da fəaliyyət istiqamətlərini işini davam etdirəcək:
 “Yenə də mütəmadi olaraq şəhid ailələri ziyarət olunacaq. Amma davamlı olaraq “Xarıbülbül” Psixoloji Yardım Mərkəzi tərəfindən şəhid ailələrinə, eləcə də şəhidliyin bir addımlığında olmuş qazilərimizə psixoloji dəstək göstəriləcək. Şəhid ailələri və qazilərimizin müxtəlif kliniklarda tibbi müayinə və müalicə işinə dəstək göstəriləcək. Xüsusən şəhid övladları bacarıqlarını və intellektual səviyyələrini, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmələri, asudə vaxtlarını səmərəli keçirmələri üçün məktəbdənkənar təhsil müəssisələrinə cəlb olunacaq. Bununla yanaşı, onların xarici ölkələrə turistik səfərləri təşkil ediləcək. Ümumiyyətlə, zaman-zaman kampaniya üzvləri planlı şəkildə yeni-yeni fəaliyyət istiqamətlərini gerçəkləşdirəcək. Bu fəaliyyətlərin icra olunması kampaniya üzvlərinin daxili və sosial məsuliyyət hissindən irəli gəlir. Həmçinin, bütün bunlar dövlətin bu istiqamətdə gördüyü işlərə vətəndaş cəmiyyəti olaraq veriləcək töhfədir”.Təşkilat rəhbəri bəyan edib ki, kampaniyanın adındakı “Biz” sözü təkcə 10 milyonluq Azərbaycan vətəndaşını deyil, 50 milyondan artıq olan dünya azərbaycanlılarını ifadə edir:
 “Vətən müharibəsi zamanı hər birimiz şahid olduq ki, 5 qitədə yaşayan soydaşlarımız Qarabağ uğurunda ayağa qalxaraq dəmir yumruq kimi birləşmişdi. Bütün dünya azərbaycanlılarının ürəyi Vətənlə döyünürdü. Bu gün Azərbaycanda şəhidlərimiz üçün bizlərin qəlbi necə sızlayırsa, necə onların qarşısında borc hiss edirksə, xaricdəki hər bir soydaşımız da eyni hissi keçirir”.“Biz sizə borcluyuq” kampaniyasının Təşəbbüs Qrupunun üzvü, millət vəkili Jalə Əhmədova da Türkiyənin “Öncə Vətən” qəzetinə müsahibəsində sözügedən kampaniya barədə açıqlama verib. Deputat bildirib ki, şəhidlərimiz hər birimizin övladıdır: 
“Hər bir şəhidimiz bizim qürurumuz, igid qəhrəmanlarımızdır. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Hökumətin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, bu istiqamətdə atdığı addımlar göz önündədir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən QHT-lərin inkişafına daim diqqət yetirilir və onların fəaliyyəti qanunvericilik aktları ilə tənzimlənir”.

https://sherg.az/qarabag/179266

Firəngiz Balakişiyeva: “Türk ölkələrinin qardaşlığının dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi, türk xalqlarının həmrəyliyi bizim üçün hər zaman aktual olmalıdır”

“Azerforum.com” “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın özəl müsahibəsini təqdim edir

-Bugünlərdə Özbəkistanda səfərdə oldunuz. Mediadan izlədiklərimizdən belə görünür ki, səfər qrafikiniz çox zəngin olub. Bu səfərlə bağlı təəssüratlarınızı bilmək istərdik.

 Özbəkistan səfərimiz olduqca zəngin və bir o qədər də faydalı keçdi. İş və görüş qrafikimiz çox sıx idi. Ümumilikdə 3 vilayətdə – Qarakalpakistan Muxtar Respublikası, Xarəzm vilayəti və Daşkənd şəhərində olduq. Daşkənddə Ali Məclisin senatı ilə görüşümüz oldu, müxtəlif mövzular ətrafında söhbət etdik, xüsusilə də Xocalı soyqırımının tanınması istiqamətində müzakirələr apardıq. Növbəti günlərdə Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekovla, həmçinin millət vəkilləri və ziyalılarla da bir araya gəldik, iki qardaş ölkənin mədəniyyət sahəsi istiqamətində həyata keçiriləcək gələcək planları müzakirə olundu. Daha sonra Turan Akademiyasında Qənirə xanımın “Addım-addım Özbəkistan” kitabının təqdimatı və Nizami Gəncəvinin Xəmsəsinin özbək dilinə tərcüməsinin təqdimatı keçirildi. Bununla yanaşı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevanın və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin  təşkilatçılığı ilə “Mədəniyyət və ədəbiyyat günləri” baş tutdu. Ümumiyyətlə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin çox təqdirəlayiq işlərlə iki dövlət arasında mühüm işlər gördüyünü düşünürəm.

Xarəzm vilayətində Urgenc Universitetinin Mədəniyyət sarayında təşkil olunmuş konsert proqramında iştirak etdik. Orada Xarəzm vilayətinin rəhbərləri görüşdük və YUNESKO-nun qorunması altına aldığı Xivə şəhəri ilə Şuşamızın qardaşlaşmış şəhərlər olması mövzusunda müzakirələr apardıq, hər iki şəhərin tarixi və irsi əhəmiyyətindən danışdıq. Qarakalpakistan respublikasında isə həm universitetdə görüşlərimiz oldu, həm konsert proqramı, həm də Hüseyn Cavid adına Mədəniyyət Mərkəzinin açılışında iştirak etdik, Nazirlər Kabinetinin sədri ilə görüşdük. Ümumilikdə olduqca maraqlı, rəngarəng keçən səfərimizin istər dövlətlərarası, istərsə də millətlərarası əlaqələrin, birliyin, bərabərliyin, qardaşlığın güclənməsi istiqamətində çox faydalı olduğunu düşünürəm. Çünki, türk xalqlarının birliyini, türk qardaşlığını nə qədər çox təbliğ etsək, iqtisadi və siyasi sahələrlə yanaşı, mədəni əlaqələrimizi nə qədər zənginləşdirsək bir-birimizə bir o qədər möhkəm bağlarla bağlanarıq. Qeyd edim ki, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün keçirilməsi və burada mühüm qərarların verilməsi türk birliyi üçün olduqca əhəmiyyətlidir. Yeri gəlmişkən, bu tədbirdə cənab Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə mükafatlandırılması hər birimizi qürurlandırdı. Qloballaşan dünyamızda cərəyan edən hadisələr, siyasi və iqtisadi proseslər onu göstərir ki, türk ölkələrinin qardaşlığının dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi, türk xalqlarının həmrəyliyi bizim üçün hər zaman aktual olmalıdır.

-“Nəfəs” İctimai Birliyi yeni yaranmasına baxmayaq ətrafına çox böyük peşəkar komanda toplayıb. Sizin əsas fəaliyyət istiqamətiniz nədən ibarətdir?

-Əslində, tam olaraq bir istiqamətdə fəaliyyət göstərmirik. Bir növ “qaçanı qovuruq” desək, daha doğru olar. Lakin son bir ildə, demək olar ki, əsas gücünüzü şəhid və qazi ailələrinə ayırmışıq. Çünki ölkə olaraq olduqca çətin və həssas dönəmdən keçdik. Vətən müharibəsindən qalib ayrılsaq da, 30 illik Qarabağ həsrətimiz sona çatsa da, bizə zəfər yaşadan şəhid və qazilərimizdən aldığımız xəbərlər bizi üzürdü. Düşündük ki, əgər gücümüz yetirsə, biz də qollarımızı çirmələyib əlimizi daşın altına qoymalı və bir şeylər etməliyik. Lakin bununla yanaşı, çalışırıq ki, digər sahələri də unutmayaq. İstəyirik ki, xüsusi qayğıya ehtiyacı olan hər bir sahəyə yetişək. İstər sosial, istər mədəni, istər ekoloji sahələr olsun, gücümüz nəyə yetirsə dəstək göstərməyə çalışırıq.

-Siz bu komanda ilə paytaxtda və regionlarda şəhid ailələrinə nə kimi yardımlar edirsiz?

-Artıq şəhid ailələri və qazilərimiz bizə bir ömürlük əmanətdir. Bizim onlara həyatımızın sonunadək təşəkkür borcumuz var. Bu baxımdan çalışırıq ki, maksimum dərəcədə hər birini diqqət mərkəzində saxlayaq. Artıq, demək olar ki, 1 ilə yaxın bir müddətdə 200-dən çox şəhid ailəsini ziyarət etmişik, 100-ə yaxın qazimizin istər sağlamlıq baxımından, istər sosial qayğılarına dəstək olmuşuq. Bəzilərinin əməliyyatını həyata keçirmişik. Çalışırıq ki, sadəcə mərkəzdə – Bakıda yaşayan ailələri yox, bölgələrdə yaşayanları da diqqətdən qaçırmayaq. Mövcud imkanlarımız daxilində vaxtaşırı bölgələri də ziyarət edirik.

-“Biz sizə borcluyuq” kampaniyasının Təşəbbüs Qrupunun fəal üzvü olaraq siz də şəhid evlərini ziyarət edirdiz. Hərçənd, bu sizin üçün yeni deyil. Qeyd etdiyiniz kimi, siz davamlı olaraq şəhid ailələrinə baş çəkirsiz. Bəs, bu kampaniyada iştirak etmək sizə nə verdi? Yəni nə kimi yeni təcrübə əldə etdiniz?

-Əvvəla, bu kampaniya sayəsində çox dəyərli insanlar tanıdım. Hansı ki, ürəyi Vətən sevgisiylə döyünən, üzərinə düşən vəzifəni böyük sevgi ilə, canla-başla yerinə yetirən, müxtəlif sahənin, müxtəlif peşənin insanları bir araya toplanmışdı. Daha sonra bir daha anladım ki, tək əldən çıxan səslə kütlədən çıxan səs çox fərqlidir. El gücü həqiqətən sel gücüdür, böyük komanda ilə daha böyük işlər görüb, daha böyük problemlərin, sıxıntıların öhdəsindən gəlmək mümkündür.

-Sizcə, bu kampaniyanın davamlılığını necə artırmaq olar? Ümumiyyətlə, buna nə dərəcədə ehtiyac var?

-Davamlılıq çox önəmlidir. Bir işin keyfiyyətlə görülməsi qədər önəmlidir onun davamiyyəti. Düşünürəm nə qədər ki, yaşayırıq, nə qədər ki həyatdayıq bizim borcumuzdur ki, onları xatırlayaq, yad edək, diqqət mərkəzində saxlayaq və ən önəmlisi bu ənənəni gələcək nəsillərə ötürək. Çünki gələcək nəsillər azad və firavan ölkədə yaşamağın nə demək olduğunu, bunu kimlərin sayəsində və hansı çətinliklərlə əldə etdiyimizi bilməlidirlər ki, onlar da bu ənənəni qoruyub saxlamağı bacarsınlar.

-“Nəfəs” tərəfindən perspektivdə hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulub?

-Təbii ki, əsas istiqamətimiz yenə də şəhid və qazi ailələridir. Lakin bununla yanaşı, sosial, sağlamlıq, təhsil, ekologiya kimi sahələrdə yaranan problemlər də bizim üçün çox önəmlidir. Bu ay ərzində gözdən əlil insanlarımızla görüşümüz gözlənilir, hansı ki, onların mövcud problemləri ilə maraqlanıb həll yolları tapmağa çalışacağıq. Həmçinin, təhsil sahəsində həyata keçirmək üzrə olduğumuz maraqlı bir layihəmiz var, o da hazırlıq mərhələsindədir. Daha əvvəl də reallaşdırdığımız ağacəkmə aksiyamızı da bu yaxınlarda yenidən təkrarlamağı planlaşdırırıq. Əlimizdən gəldiyi qədər çalışacağıq ki, bir-birindən fərqli sahələrdə faydalı işlərlə məşğul olub, fəaliyyət sahəmizi genişləndirək.

https://azerforum.com/az/nefes-sedri-isteyirik-ki-xususi-qaygiya-ehtiyaci-olan-her-bir-saheye-yetisek

Yay tətili boyunca məktəblilərin asudə vaxtlarını səmərəli dəyərləndirməsi üçün Bonus Gənclər Birliyi ilə birgə bəzi ortaq layihələr həyata keçirdik. Yeniyetmələrdə oxu vərdişləri yaratmaq, onların dünyagörüşlərini inkişaf etdirmək, ədəbiyyata və xarici dil öyrənməyə olan maraqlarını daha da artırmaq üçün “Mütaliə” və “Danışıq” klublarını təşkil etdik.

Kitabsevər dostlarımız bu aylar ərzində Xalid Hüseyninin “Çərpələng uçuran”, Çingiz Abdullayevin “Vyana gecəsinin sirri”, Paulo Coelhonun “Kimyagər” və digər bu kimi əsərləri oxudular, müzakirə etdilər.

🗣 Xarici dil bilgilərini artırmaq üçün isə hər həftə bir araya gələrək müxtəlif mövzular ətrafında diskussiya apardılar.

Unutmayaq ki, gənclərimiz üçün faydalı olmaq öz əlimizdədir və bütün bu müddət ərzində buna nail ola bildiyimiz üçün sevincliyik.

“Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva Milli Məclisin üzvü Qənirə Paşayeva və Tovuz rayon İcra hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Təranə Bayramova ilə birlikdə Tovuz rayonunda şəhid ailələri ilə görüşüblər. 44 günlük Vətən müharibəsində əziz canlarından keçən fədakar Vətən oğullarının –
Vətən Müharibəsi Qəhrəmanı, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Orxan Rövşən oğlu Cabbarov (16.10.1995, Tovuz – 09.11.2020, Şuşa),
“Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Ceyhun İqbal oğlu İsmayılov (25.09.1996, Tovuz – 2020, Füzuli),
“Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş şəhid Elmar Cəbrayıl oğlu Şirinov (09.03.2002, Xatınlı, Tovuz – 08.11.2020, Şuşa),
“Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Amil Bədrəddin oğlu Rüstəmov (10.12.1995, Bayramlı, Tovuz – 08.11.2020, Şuşa),
“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Elcan Famil oğlu Cəlilov (26.02.1996, Tovuz –07.11.2020, Xocavənd),
“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid Rəcəb Nazim oğlu Hüseynov (03.01.1994, Aşağı Quşçu, Tovuz – 09.11.2020, Şuşa),
“Vətən uğrunda” medalı ilə təltif edilmiş şəhid Cavid Natiq oğlu Hüseynov (03.06.2001, Tovuz – 31.10.2020, Xocavənd)
Elvin Mehman oğlu Qurbanlı (19.12.1999, Aşağı Quşçu, Tovuz – 01.10.2020, Kəlbəcər),
Həsrət Vahid oğlu Ələsgərov (08.02.2001, Aşağı Quşçu, Tovuz – 08.10.2020, Tərtər),
Elburus İlyas oğlu Verdiyevin (01.05.1993, Aşağı Quşçu, Tovuz – 26.10.2020, Füzuli) həyat hekayəsi və döyüş yolu haqqında onların ailə üzvləri ilə danışılıb, qayğıları ilə yaxından maraqlanılıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Mədəniyyət komitəsi adından, Firəngiz Balakişiyeva isə “Nəfəs” İctimai Birliyi adından şəhid ailələrinə yazılmış təşəkkür məktublarını və xatirə hədiyyələrini təqdim ediblər.
Vətənimizin bütövlüyü, torpaqlarımızın müstəqilliyi uğrunda canları bahasına bizə zəfər bəxş edən qəhrəman şəhidlərimizi daim yad etmək, onların bizə əmanəti olan dəyərli ailələrinə öz minnətdarlığımızı bildirmək bizim üçün şərəfdir.

Yazı naviqasiyası