Nəfəs” İctimai Birliyi “Kitabxanasız məktəb qalmasın!” şüarı ilə Quba rayonunun Tülər kənd ümumi orta məktəbində başlatdığı kampaniyanı bu dəfə Kunxırt kənd ibtidai məktəbində davam etdirdi. Rayon mərkəzindən 36 km uzaqlıqda yerləşən modul tipli bu məktəbin kitabxana üçün nəzərdə tutulan otağında kitab şkafı kiçik, uşaqların dərsliklərdən əlavə oxuya biləcəyi materiallar isə az idi. Biz də buna qeydsiz qalmayaraq sözügedən otağa yeni, geniş kitab şkafı hazırladıq, içərisini isə uşaqların yaş aralığına uyğun şəkildə 150-dək müxtəlif adda bədii kitablarla zənginləşdirdik. Əlavə olaraq otaqda məktəbli balalarımızın marağını çəkəcək təsvirlərlə bəzədilmiş oxu guşəsi yaratdıq. Arzu edirik və inanırıq ki, uşaqlarımızın asudə vaxtlarında bu guşədə oxuduğu kitablar bəlkə də onların həyatlarına toxunacaq, xəyal dünyasına yeni qapılar açacaq. Biz isə başlatdığımız bu kampaniyanı il ərzində digər regionların ucqar dağ kəndlərində həyata keçirərək daha çox məktəbə, daha çox fidana nəfəs olmağa davam edəcəyik.

Xeyirxahlıq və mərhəməti tərənnüm edən müqəddəs Qurban bayramında sevgi ilə hazırladığımız bayram sovqatı ilə insanlara nəfəs olduq. Könüllü gənclərimizlə birlikdə Bakı və Sumqayıt şəhərində yaşayan 90-dan çox aztəminatı ailəyə, şəhid və qazi ailəsinə qurban paylarımızı çatdırdıq, bayramlaşdıq. İnsanların ehtiyaclarına dəstək olmaq, qayğılarını paylaşıb üzlərində təbəssüm yarada bilmək bizim üçün ən gözəl bayram sevincidir.

Bu gün dünyanın ən qədim və ən köklü idman növlərindən biri hesab edilən Beynəlxalq Şahmat Günüdür. İntellektual inkişafımızda əvəzsiz rol oynayan şahmat beynimizin hər iki yarımkürəsini eyni zamanda işlədən yeganə idman növüdür. Son zamanlar ölkəmizdə bu idmana olan marağın sürətlə artması isə çox sevindiricidir. “Nəfəs” İctimai Birliyi olaraq bu marağın daha da güclənməsinə dəstək olmaq məqsədilə 20 İyul Beynəlxalq Şahmat Gününə həsr olunmuş “Qızlar və qadınlar arasında şahmat turniri”nin həyata keçirilməsinə sponsor olduq. Qax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə Oğuz, Qax, Şəki, Zaqatala və Balakən rayonlarından yarışmaya qatılan 170 qızımız mübarizə apardı və qaliblər müəyyənləşdi. Qaliblərə birliyimiz adından peşəkar şahmat dəsti və müxtəlif hədiyyələr təqdim edildi. Yarışmadan sonra isə beynəlxalq dərəcəli qrossmeysterlər Aynur Sofiyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarovanın iştirakı ilə Qax rayon Heydər Əliyev Mərkəzində şahmatçılar üçün ustad dərsləri təşkil olunub. Müəllimlər və gənc şahmatçılar bəzi məşhur oyunları analiz edib və müzakirələr aparıblar. Gənclərimiz, xüsusilə də qızlarımız üçün olduca faydalı və məhsuldar keçən belə yarışmaların sıxlıqla təkrarlanması, ölkəmizdə şahmata olan marağın güclənməsi üçün dəstək olmağa hər zaman hazırıq. Bütün şahmatçılarımızı Beynəlxalq Şahmat Günü münasibətilə ürəkdən təbrik edir, onlara karyera yolunda müvəffəqiyyət arzulayırıq. Qələbəniz bol olsun!

“Nəfəs” İctimai Birliyi olaraq Sumqayıt dənizkənarı bulvarında 07.05.2021 tarixində “Sən də fidanınla yaşat şəhid adını” devizi altında növbəti ağacəkmə aksiyasını həyata keçirdik. “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə birgə baş tutan aksiyada şəhid ailələri, qazilər, həmçinin könüllülər iştirak etdi. Öz canları bahasına bizə zəfər bəxş etmiş qəhrəmanlarımızın əziz və əbədi xatirəsini yad etdik, onların adlarını daşıyaraq ruhlarına nəfəs verəcək 200 zeytun fidanını torpağa qovuşdurduq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ramazan paylaşmaqdır, verən əl ilə alan əli birləşdirən, birlik və bərabərlik ayıdır. Biz də “Nəfəs” komandası olaraq 64 ailəyə əlimizdən və könlümüzdən gələrək hazırladığımız bayram sovqatını çatdırdıq. Sabunçu qəsəbəsində yaşayan, sosial durumu çətin olan aztəminatlı ailələri ziyarət etdik və onlara sevgi ilə topladığımız ərzaq məhsullarından ibarət yardım qutularını təqdim etdik. 🙏🏼 İnsanların simalarında yaranan təbəssüm, ehtiyaclarına verilən kiçik bir nəfəs bizim üçün ən böyük bayram sevincinə bərabərdir.

Yazı naviqasiyası