blank

15 Fevral Ümumdünya Uşaq Xərçəngi ilə Mübarizə Günüdür. Bu gün münasibətilə Nəfəs İctimai Birliyinin üzvləri Uşaq Onkologiya Mərkəzini ziyarət ediblər. Bu haqda Nəfəs İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva məlumat verib.

O qeyd edib ki, bu günü özəl edən məqam kiçik ürəkləri ilə böyük mübarizələrə yelkən açan, yaşlarının az olmasına baxmayaraq həyata tutunmağa çalışan kiçik qəhrəmanlarımızdır: “Sözün əsl mənasında bir qəhrəman kimi həyatla savaşan bu balacalara olan sevgimizi hiss etdirmək, onların mübarizəsinə dəstək olmaq məqsədilə Milli Onkologiya Mərkəzinin Uşaq kimyaterapiya şöbəsində müalicə alan uşaqlar üçün müxtəlif hədiyyə qutuları hazırladıq. Uzun müddətdir davam edən pandemiyanı nəzərə alaraq, qəhrəmanlarımızla üzbəüz görüşüb onlarla zaman keçirmək, söhbət etmək mümkün olmasa da, öz dəstəyimizi bu şəkildə bildirdik. 
Böyük sevgi ilə hazırladığımız qutulara komandamızın qəlbindən keçən sözlərini, duyğularını qələmə aldığı kiçik mesaj kartlarını da əlavə edib Uşaq kimyaterapiya şöbənin əməkdaşlarına təhvil verdik.

 Bu gün istər ölkəmizdə, istərsə də dünyada bu xəstəlikdən əziyyət çəkən minlərlə uşaq, onlarla birikdə mübarizə aparan minlərlə valideyn var. Bütün balalarımıza Allahdan şəfa diləyir, kiçik dostlarımıza həyatla hər zaman mübarizə apara bilmək üçün güc-qüvvət, sağlamlıq arzu edirik. Onlara demək istəyirik ki, siz güclüsünüz və bu mübarizədə qalib tərəf siz olacaqsınız”.

https://azerforum.com/az/nefes-ictimai-birliyinin-uzvleri-usaq-onkologiya-merkezini-ziyaret-edibler