“Şəhidlər unudulduğu zaman ölər” deyirlər. Onlar əziz xatirələri yaşadıqca daim yaşayacaqlar. “Nəfəs” İctimai Birliyi bu xatirəni əbədiləşdirmək üçün şəhid İbadov Rauf Məhərrəm oğlunun bizə yadigar qalan rəsm əsərlərindən ibarət sərgi təşkil edib.
“Nəfəs” İctimai Birliyinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev mərkəzində baş tutan sərgidə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid anaları, o cümlədən Sumqayıt şəhər İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin nümayəndələri, şəhidin təhsil aldığı Azərbaycan Memarlıq İnşaat Universitetinin İnşaat texnologiyaları fakültəsinin dekanı Nailə Haqverdiyeva, şair Əşrəf Veysəlli, rəssam Tofiq Əhmədov və digər ictimai-siyasi xadimlər iştirak ediblər. Tədbirdə şəhidin əziz xatirəsi yad olunub, onu tanıyanlar və doğmaları öz duyğularını bölüşüblər.
Sərgidə iştirak edən tanınmış rəssam Tofiq Əhmədov kətan üzərində yağlı boya ilə yaratdığı şəhidin portretini onun valideynlərinə təqdim edib.
Daha sonra qonaqlar şəhidin sərgidə nümayiş olunan 44 rəsm əsəri ilə tanış olublar.
Vətən torpaqlarının müstəqilliyi uğrunda şəhid olanlar tarixin qızıl səhifələrində və xalqımızın yaddaşında əbədi olaraq yaşayacaqlar. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. BAKU.WS
https://baku.ws/page/2/

















