8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsini ziyarət etdik. Görüşdə birliyimizin sədri Firəngiz Balakişiyeva ilə yanaşı millət vəkili Qənirə Paşayeva, “Unity Company” şirkətinin təsisçisi Fikrət Əliyev, Zərifə Arzumanova, “RHİM” İB-nin sədri Arzu Bağırova, modelyer Afaq İsmayılzadə və psixoloq Xatirə Səfərova iştirak etdilər. Müəssisədə məhkum xanımlar üçün yaradılan şəraitlə tanış olduq, qayğılarını dinlədik, onların peşə öyrənmələri üçün fəaliyyət göstərən peşə məktəbində xalçaçılıq, toxuculuq, dərzilik, qənnadçılıq kimi müxtəlif sahələr üzrə tədris otaqlarını gəzdik. Xanımların əl əməyi, göz nuru ilə bişirdikləri şirniyyatlardan daddıq, hazırladıqları müxtəlif toxuculuq məhsulları ilə tanış olduq. Görüşün sonunda bütün xanımlara müxtəlif hədiyyələr və kitablar təqdim olundu.
Arzu edirik ki, xanımlarımız tez bir zamanda öz azadlıqlarına qovuşaraq ailələrinin, sevdiklərinin əhatəsinə dönsünlər və həyatlarında yeni səhifə açaraq xoşbəxt yaşasınlar.












