“Şəhidlər unudulduğu zaman ölər” deyirlər. Onlar əziz xatirələri yaşadıqca daim yaşayacaqlar. Biz də bu xatirələri əbədiləşdirmək üçün şəhidimiz mayor Emin Süleymanovun döyüş yolundan bəsh edən “Qutsal yolçu” kitabının nəşr olunmasını öz öhdəliyimizə götürdük.
Dünya Gənc Türk Yazarlar Birliyinin vasitəçiliyi və yazıçı Şəhanə Müşfiqin müəllifliyi ilə nəşr olunan kitabın təqdimat mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutdu. “Nəfəs” İB və Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən tədbirdə şəhidimizin dəyərli ailə üzvləri, döyüş yoldaşları, şəhid anaları, ictimai xadimlər və media nümayəndələri iştirak etdilər. Tədbirdə birliyimizin sədri Firəngiz Balakişiyeva, millət vəkili Qənirə Paşayeva, şəhidimizin həyat yoldaşı Məshəti Süleymanova və döyüş yoldaşları öz duyğularını bölüşdülər. Tədbirin bədii hissəsində Əməkdar artist Nuriyyə Hüseynova vətənpərvərlik mövzulu mahnılarla çıxış etdi.
Vətən torpaqlarının müstəqilliyi uğrunda şəhid olanlar tarixin qızıl səhifələrində və xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.











