Bu gün dünyanın ən qədim və ən köklü idman növlərindən biri hesab edilən Beynəlxalq Şahmat Günüdür. İntellektual inkişafımızda əvəzsiz rol oynayan şahmat beynimizin hər iki yarımkürəsini eyni zamanda işlədən yeganə idman növüdür. Son zamanlar ölkəmizdə bu idmana olan marağın sürətlə artması isə çox sevindiricidir. “Nəfəs” İctimai Birliyi olaraq bu marağın daha da güclənməsinə dəstək olmaq məqsədilə 20 İyul Beynəlxalq Şahmat Gününə həsr olunmuş “Qızlar və qadınlar arasında şahmat turniri”nin həyata keçirilməsinə sponsor olduq. Qax Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə Oğuz, Qax, Şəki, Zaqatala və Balakən rayonlarından yarışmaya qatılan 170 qızımız mübarizə apardı və qaliblər müəyyənləşdi. Qaliblərə birliyimiz adından peşəkar şahmat dəsti və müxtəlif hədiyyələr təqdim edildi. Yarışmadan sonra isə beynəlxalq dərəcəli qrossmeysterlər Aynur Sofiyeva, Zeynəb Məmmədyarova və Türkan Məmmədyarovanın iştirakı ilə Qax rayon Heydər Əliyev Mərkəzində şahmatçılar üçün ustad dərsləri təşkil olunub. Müəllimlər və gənc şahmatçılar bəzi məşhur oyunları analiz edib və müzakirələr aparıblar. Gənclərimiz, xüsusilə də qızlarımız üçün olduca faydalı və məhsuldar keçən belə yarışmaların sıxlıqla təkrarlanması, ölkəmizdə şahmata olan marağın güclənməsi üçün dəstək olmağa hər zaman hazırıq. Bütün şahmatçılarımızı Beynəlxalq Şahmat Günü münasibətilə ürəkdən təbrik edir, onlara karyera yolunda müvəffəqiyyət arzulayırıq. Qələbəniz bol olsun!



