Firəngiz Balakişiyeva: “Türk ölkələrinin qardaşlığının dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi, türk xalqlarının həmrəyliyi bizim üçün hər zaman aktual olmalıdır”

“Azerforum.com” “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın özəl müsahibəsini təqdim edir

-Bugünlərdə Özbəkistanda səfərdə oldunuz. Mediadan izlədiklərimizdən belə görünür ki, səfər qrafikiniz çox zəngin olub. Bu səfərlə bağlı təəssüratlarınızı bilmək istərdik.

 Özbəkistan səfərimiz olduqca zəngin və bir o qədər də faydalı keçdi. İş və görüş qrafikimiz çox sıx idi. Ümumilikdə 3 vilayətdə – Qarakalpakistan Muxtar Respublikası, Xarəzm vilayəti və Daşkənd şəhərində olduq. Daşkənddə Ali Məclisin senatı ilə görüşümüz oldu, müxtəlif mövzular ətrafında söhbət etdik, xüsusilə də Xocalı soyqırımının tanınması istiqamətində müzakirələr apardıq. Növbəti günlərdə Özbəkistanın Mədəniyyət naziri Ozodbek Nazarbekovla, həmçinin millət vəkilləri və ziyalılarla da bir araya gəldik, iki qardaş ölkənin mədəniyyət sahəsi istiqamətində həyata keçiriləcək gələcək planları müzakirə olundu. Daha sonra Turan Akademiyasında Qənirə xanımın “Addım-addım Özbəkistan” kitabının təqdimatı və Nizami Gəncəvinin Xəmsəsinin özbək dilinə tərcüməsinin təqdimatı keçirildi. Bununla yanaşı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə xanım Paşayevanın və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin  təşkilatçılığı ilə “Mədəniyyət və ədəbiyyat günləri” baş tutdu. Ümumiyyətlə, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin çox təqdirəlayiq işlərlə iki dövlət arasında mühüm işlər gördüyünü düşünürəm.

Xarəzm vilayətində Urgenc Universitetinin Mədəniyyət sarayında təşkil olunmuş konsert proqramında iştirak etdik. Orada Xarəzm vilayətinin rəhbərləri görüşdük və YUNESKO-nun qorunması altına aldığı Xivə şəhəri ilə Şuşamızın qardaşlaşmış şəhərlər olması mövzusunda müzakirələr apardıq, hər iki şəhərin tarixi və irsi əhəmiyyətindən danışdıq. Qarakalpakistan respublikasında isə həm universitetdə görüşlərimiz oldu, həm konsert proqramı, həm də Hüseyn Cavid adına Mədəniyyət Mərkəzinin açılışında iştirak etdik, Nazirlər Kabinetinin sədri ilə görüşdük. Ümumilikdə olduqca maraqlı, rəngarəng keçən səfərimizin istər dövlətlərarası, istərsə də millətlərarası əlaqələrin, birliyin, bərabərliyin, qardaşlığın güclənməsi istiqamətində çox faydalı olduğunu düşünürəm. Çünki, türk xalqlarının birliyini, türk qardaşlığını nə qədər çox təbliğ etsək, iqtisadi və siyasi sahələrlə yanaşı, mədəni əlaqələrimizi nə qədər zənginləşdirsək bir-birimizə bir o qədər möhkəm bağlarla bağlanarıq. Qeyd edim ki, noyabrın 12-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşünün keçirilməsi və burada mühüm qərarların verilməsi türk birliyi üçün olduqca əhəmiyyətlidir. Yeri gəlmişkən, bu tədbirdə cənab Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə mükafatlandırılması hər birimizi qürurlandırdı. Qloballaşan dünyamızda cərəyan edən hadisələr, siyasi və iqtisadi proseslər onu göstərir ki, türk ölkələrinin qardaşlığının dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi, türk xalqlarının həmrəyliyi bizim üçün hər zaman aktual olmalıdır.

-“Nəfəs” İctimai Birliyi yeni yaranmasına baxmayaq ətrafına çox böyük peşəkar komanda toplayıb. Sizin əsas fəaliyyət istiqamətiniz nədən ibarətdir?

-Əslində, tam olaraq bir istiqamətdə fəaliyyət göstərmirik. Bir növ “qaçanı qovuruq” desək, daha doğru olar. Lakin son bir ildə, demək olar ki, əsas gücünüzü şəhid və qazi ailələrinə ayırmışıq. Çünki ölkə olaraq olduqca çətin və həssas dönəmdən keçdik. Vətən müharibəsindən qalib ayrılsaq da, 30 illik Qarabağ həsrətimiz sona çatsa da, bizə zəfər yaşadan şəhid və qazilərimizdən aldığımız xəbərlər bizi üzürdü. Düşündük ki, əgər gücümüz yetirsə, biz də qollarımızı çirmələyib əlimizi daşın altına qoymalı və bir şeylər etməliyik. Lakin bununla yanaşı, çalışırıq ki, digər sahələri də unutmayaq. İstəyirik ki, xüsusi qayğıya ehtiyacı olan hər bir sahəyə yetişək. İstər sosial, istər mədəni, istər ekoloji sahələr olsun, gücümüz nəyə yetirsə dəstək göstərməyə çalışırıq.

-Siz bu komanda ilə paytaxtda və regionlarda şəhid ailələrinə nə kimi yardımlar edirsiz?

-Artıq şəhid ailələri və qazilərimiz bizə bir ömürlük əmanətdir. Bizim onlara həyatımızın sonunadək təşəkkür borcumuz var. Bu baxımdan çalışırıq ki, maksimum dərəcədə hər birini diqqət mərkəzində saxlayaq. Artıq, demək olar ki, 1 ilə yaxın bir müddətdə 200-dən çox şəhid ailəsini ziyarət etmişik, 100-ə yaxın qazimizin istər sağlamlıq baxımından, istər sosial qayğılarına dəstək olmuşuq. Bəzilərinin əməliyyatını həyata keçirmişik. Çalışırıq ki, sadəcə mərkəzdə – Bakıda yaşayan ailələri yox, bölgələrdə yaşayanları da diqqətdən qaçırmayaq. Mövcud imkanlarımız daxilində vaxtaşırı bölgələri də ziyarət edirik.

-“Biz sizə borcluyuq” kampaniyasının Təşəbbüs Qrupunun fəal üzvü olaraq siz də şəhid evlərini ziyarət edirdiz. Hərçənd, bu sizin üçün yeni deyil. Qeyd etdiyiniz kimi, siz davamlı olaraq şəhid ailələrinə baş çəkirsiz. Bəs, bu kampaniyada iştirak etmək sizə nə verdi? Yəni nə kimi yeni təcrübə əldə etdiniz?

-Əvvəla, bu kampaniya sayəsində çox dəyərli insanlar tanıdım. Hansı ki, ürəyi Vətən sevgisiylə döyünən, üzərinə düşən vəzifəni böyük sevgi ilə, canla-başla yerinə yetirən, müxtəlif sahənin, müxtəlif peşənin insanları bir araya toplanmışdı. Daha sonra bir daha anladım ki, tək əldən çıxan səslə kütlədən çıxan səs çox fərqlidir. El gücü həqiqətən sel gücüdür, böyük komanda ilə daha böyük işlər görüb, daha böyük problemlərin, sıxıntıların öhdəsindən gəlmək mümkündür.

-Sizcə, bu kampaniyanın davamlılığını necə artırmaq olar? Ümumiyyətlə, buna nə dərəcədə ehtiyac var?

-Davamlılıq çox önəmlidir. Bir işin keyfiyyətlə görülməsi qədər önəmlidir onun davamiyyəti. Düşünürəm nə qədər ki, yaşayırıq, nə qədər ki həyatdayıq bizim borcumuzdur ki, onları xatırlayaq, yad edək, diqqət mərkəzində saxlayaq və ən önəmlisi bu ənənəni gələcək nəsillərə ötürək. Çünki gələcək nəsillər azad və firavan ölkədə yaşamağın nə demək olduğunu, bunu kimlərin sayəsində və hansı çətinliklərlə əldə etdiyimizi bilməlidirlər ki, onlar da bu ənənəni qoruyub saxlamağı bacarsınlar.

-“Nəfəs” tərəfindən perspektivdə hansı layihələrin həyata keçirilməsi nəzərdə tutulub?

-Təbii ki, əsas istiqamətimiz yenə də şəhid və qazi ailələridir. Lakin bununla yanaşı, sosial, sağlamlıq, təhsil, ekologiya kimi sahələrdə yaranan problemlər də bizim üçün çox önəmlidir. Bu ay ərzində gözdən əlil insanlarımızla görüşümüz gözlənilir, hansı ki, onların mövcud problemləri ilə maraqlanıb həll yolları tapmağa çalışacağıq. Həmçinin, təhsil sahəsində həyata keçirmək üzrə olduğumuz maraqlı bir layihəmiz var, o da hazırlıq mərhələsindədir. Daha əvvəl də reallaşdırdığımız ağacəkmə aksiyamızı da bu yaxınlarda yenidən təkrarlamağı planlaşdırırıq. Əlimizdən gəldiyi qədər çalışacağıq ki, bir-birindən fərqli sahələrdə faydalı işlərlə məşğul olub, fəaliyyət sahəmizi genişləndirək.

https://azerforum.com/az/nefes-sedri-isteyirik-ki-xususi-qaygiya-ehtiyaci-olan-her-bir-saheye-yetisek